Yaponiya Rusiyanın 13 şirkət prezidentinin ölkəyə girişinə qadağa qoymasına etiraz edib
Yaponiya "Toyota Motor" kimi ölkənin 13 aparıcı şirkətinin rəhbərinə Rusiyaya daimi giriş qadağası qoyan Moskva hökumətinə etiraz edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa Rusiyanın 13 Yaponiya vətəndaşına tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.
Moskva hökumətinin sanksiyalarının Yapon şirkətlərinin Rusiyada qanuni fəaliyyətini məhdudlaşdırdığını deyən Hayaşi bunun qətiyyən qəbuledilməz olduğunu bildirib.
Hayaşi hökumətin Rusiyanın sanksiyalarına etiraz etdiyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yaponiyanın Ukraynadakı xüsusi hərbi əməliyyat çərçivəsində Rusiyaya qarşı sanksiyalarını davam etdirdiyi xatırladılıb. Bu sanksiyalara cavab olaraq, "Toyota Motor" İdarə Heyətinin sədri Akio Toyoda, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Akihiko Tanaka və "Rakuten" şirkətinin qurucusu Hiroşi Mikitani də daxil olmaqla 13 Yaponiya vətəndaşının qeyri-müəyyən müddətə Rusiyaya girişinə qadağa qoyulduğu bildirilib.
Bəyanatda 13 Yaponiya vətəndaşının adı yer alıb.