İran: ABŞ münaqişənin nizamlanmasına dair memorandumun iki bəndini pozub


ABŞ İranla imzalanmış münaqişənin nizamlanmasına dair qarşılıqlı anlaşma memorandumunun iki bəndini pozub.

AFN.az xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri bəyanat verib. O qeyd edib ki, Tehran ABŞ tərəfindən sənədin hər bir bəndinin pozulmasına dərhal və qətiyyətlə cavab verəcək.

İran Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında isə bildirilir ki, ABŞ hərbi hava qüvvələrinin Hörmüz boğazı yaxınlığındakı İranın sahil müşahidə obyektlərinə endirdiyi zərbələr BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun birinci bəndinin birbaşa pozulmasıdır.

Tehran həmçinin iddia edir ki, İsrailin ABŞ ilə koordinasiyalı şəkildə Livana hücum etməsi də sözügedən sənədin birinci bəndinin pozulması deməkdir. İslam Respublikası öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün gücü ilə müdafiə xarakterli cavab addımları atacağını vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın regional qüvvələri (CENTCOM) bundan əvvəl Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "Ever Lovely" ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə edilən hücuma cavab olaraq İrandakı hədəflərə zərbələr endirdiyini açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu