"Facebook" 21 ili geridə qoyub
Mark Zukerberq və üç dostu tərəfindən 4 fevral 2004-cü ildə qurulan "Facebook" təxminən 3,4 milyard aktiv istifadəçisi olan "Meta" damı altında dünyada ən çox istifadə edilən sosial platformalardan biri olmağa davam edir.
Sürətlə dəyişən və inkişaf edən texnologiya dünyasında 21 ili tamamlayan "Facebook" sosial medianın simasını dəyişən şirkətlərdən biri kimi önə çıxıb.
2004-cü il fevralın 4-də Mark Zukerberq və üç dostu tərəfindən ilk növbədə Harvard Universitetinin tələbələri üçün qurulan "Facebook" 2006-cı ildə 13 yaşdan yuxarı hər kəs üçün açıldıqdan sonra qlobal sosial şəbəkəyə çevrilib.
2007-ci ildə "MySpace"i keçərək dünyanın ən populyar sosial media platformasına çevrilən "Facebook" 2012-ci ildə 1 milyard aktiv istifadəçiyə çatıb və birjaya çıxarılıb.
Elə həmin il "Instagram"ı 1 milyard dollara alan "Facebook" 2014-cü ildə ani mesajlaşma proqramı olan "WhatsApp"ı 19 milyard dollara, virtual və əlavə reallıq avadanlıqları və proqram təminatı istehsal edən "Oculus"u isə 2 milyard dollara satın alıb.
Bu addımlar "Facebook"un texnoloji sektordakı mövqeyini gücləndirməyə kömək edib.