Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağırıb
Gürcüstan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərini geri çağırmaq qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamenti bürosunun iclasında bildirilib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büro iclasında deyib: “Biz Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”.
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə respublika parlamentinin vitse-spikeri Tea Tsulukiani, deputatlar Givi Mikanadze, Mariam Laşxi, Eka Sepaşvili, eləcə də alternativ deputatlar Levan Maçavariani, Rati İonatamişvili və Zviad Şalamberidze daxildir. Onlar artıq AŞPA prezidenti Teodoros Russopulosa müvafiq tələblə müraciət ediblər.
Yanvarın 29-da AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini tanıyan, lakin aprelə qədər ölkədə yeni parlament seçkilərinin təyin edilməsi və “siyasi məhbusların” azad edilməsi şərti ilə qətnamə qəbul edib. Apreldə Gürcüstan nümayəndə heyətinin hüquqları məhdudlaşdırılacaq və səlahiyyətlərinə yenidən baxılacaq. Onun rəhbəri Tea Tsulukiani bildirib ki, Gürcüstan bu qərara cavab olaraq AŞPA-dakı fəaliyyətini dayandırır.