Bloomberg: Trampın tarifləri bazarlarda ajiotaja səbəb olur
ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı tariflər tətbiq etməsi bazarların ucuzlaşmasına səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, bu addım ABŞ iqtisadiyyatına ciddi təsir göstərə və istehlakçılar üçün qiymətlərin bahalaşmasına səbəb ola bilər. Bu fonda dollar indeksi 1% bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün kriptovalyutalar da təzyiqə məruz qalıb, ethereum 11% ucuzlaşıb.
"Goldman Sachs Group"un analitiklərinin fikrincə, korporativ mənfəətin pisləşməsi səbəbindən ABŞ fond bazarında 5% ucuzlaşma riski var. "RBC Capital Markets" 5-10% mümkün azalma proqnozlaşdırır.
Enerji bazarları da Trampın bu qərarına qiymət artımı ilə reaksiya verib. Tariflər amerikalı istehlakçılar üçün yanacağı bahalaşdıra və tədarük zəncirlərini poza bilər. Nyu-York benzin fyuçersləri 6,2 faiz, "West Texas Intermediate" xam nefti isə 2 faiz bahalaşıb.