Sumqayıt bulvarından Kann iddiasına…
Bakıdan cəmi 30 kilometr məsafədə yerləşən Sumqayıt ərazisinə, əhalisinin sayına və sənaye mərkəzi olmağına görə ölkənin ikinci böyük şəhəri hesab edilir. 1949-cu ildə şəhər statusu alan Sumqayıtın tarixi əsrlər öncəyə gedib çıxır. Sumqayıt adı Rəşidəddin Fəzlullahın “Cami ət-təvarix” əsərində türk tayfaları arasında qeyd edilir. Təxminlərə görə, şəhərin adı qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adından meydana gəlib. “-it” şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. “Sumqait” - “Sunqa-lar”, yəni “sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır.
Digər bir versiyada şəhərin adı bir az şimalda axan Sumqayıt çayı ilə əlaqələndirilir. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çay Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” deyiblər. Çayın adı və sonradan salınan şəhərin adı da məhz bu ifadədən qaynaqlanır.
Sumqayıt adı ilə əlaqədar daha bir maraqlı versiya Ceyran və Sum adlı iki gəncin məhəbbəti ilə bağlıdır. Rəvayətə görə, uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də olur. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək Ceyranı lap taqətdən salır. Qızın susuzluğa dözə bilmədiyini görən Sum su tapmaq üçün karvandan ayrılır. Sevgilisinin fəlakətlə qarşılaşacağını hiss edən Ceyran onun ardınca qışqırır: “Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!”
“Gənclər şəhəri”nin görünüşü büsbütün dəyişib
Sovet dövründə Sumqayıt “Gənclər şəhəri” adlandırılırdı, universiteti, texnikum və peşə məktəblərini bitirən bir çox gənclərin təyinatı məcburən burada fəaliyyət göstərən sənaye müəssisələrinə verilirdi. Bu gənclərin bəziləri orada qalıb işləyir, evlə təmin olunurdular. Ümumiyyətlə, bəzən Sumqayıtın o illərdə sənaye mərkəzi olmasından qürurla danışsaq da, mütəxəssislərin fikrincə, burada yerləşən zavod və fabriklərdən çıxan tüstü insanların səhhətində ciddi problemlər yaradırdı. Şəhərdə gənclərin sayının çoxluq təşkil etməsi erməni-daşnak strateqlərinin 1988-ci ildə böyük təxribat planı hazırlayıb həyata keçirməsinə də rəvac vermişdi. O illərin canlı şahidləri danışır ki, tarixən hər cür alçaqlığa imza atan erməni təxribatçıları öz millətindən olan insanları hündürmərtəbəli binalarından atmaqdan belə çəkinməyiblər. Hadisələrdən sonra isə ictimai fəal azərbaycanlı gənclər şərlənib tutuldular, hətta haqqında güllələnmə cəzası kəsilən də olub.
Hazırda Sumqayıtda çox böyük tikinti-quruculuq işləri gedir. Ölkəmizdə bütün sahələrdə aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaradıb. Şəhər sakinlərinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilən layihələr Prezident İlham Əliyevin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilir. Şəhərin görünüşü büsbütün dəyişib, aşağı mərtəbəli binalar indi müasir tələblərə cavab verən hündürmərtəbəli binalarla əvəz olunur. Müxtəlif ictimai-iaşə müəssisələri, qonaq evləri, mədəniyyət və turizm obyektləri şəhərə gələn qonaqları məmnun etməkdədir. Burada bir universitet, bir necə kollec, peşə məktəbləri fəaliyyət göstərir.
Sumqayıt bir sıra Avropa şəhərləri ilə qardaşlaşıb. Onların sırasında Lüdviqshafen (Almaniya), Bari (İtaliya), Çerkassı (Ukrayna), Cu Cou (Çin Xalq Respublikası), Ceyhan (Türkiyə), Rustavi (Gürcüstan), Mogilyov (Belarus), Lints (Avstriya), Piteşti (Rumıniya), Aktau (Qazaxıstan) və Genuya (İtaliya) da var. Bütün bunlar Sumaqayıtın yaxın illərdə tanınmış turizm mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir.
Sumqayıt kanyonu – bir təbiət abidəsi…
Sumqayıtda bir neçə böyük məkan var ki, onların haqqında xüsusi qeyd etmək lazımdır. Bu məkanlar şəhərin turizm məkanı kimi tanınmasına çox böyük töhfədir.
Bunlar biri Sumqayıt kanyonu və ya Sumqayıtçay kanyonudur. Bura Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsidir. Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur. Şamaxı rayonu və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür. Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır. Kanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir.
Kanyonun yerləşdiyi ərazi yarımsəhra-quru çöl iqliminə sahib olduğundan istiyə və şoranlığa davamlı kol və ot bitkiləri bitir. Burada əsasən efemerli, kserofit ot bitkiləri yayılmışdır. Kol bitkilərindən burada ən sıx rast gəlinəni yovşan və yulğundur. Yulğunlar lokal da olsa sıx keçilməzliklər əmələ gətirə bilir. Kanyonətrafı ərazilərdə çöl heyvanlarına rastlamaq mümkündür. Burada canavar, tülkü, çaqqal, dovşan kimi iri məməlilər yaşayır. Quşlardan qağayılar (gümüşü qağayı, göl qağayısı) göyərçinlər (çöl göyərçini), sığırçınlar (sığırçın), qarğalar (adi qarğa), sərçəkimilər (adi sərçə), qaratoyuqlar (qara qaratoyuq), vağlar (boz vağ), sağsağanlar (sağsağan) kimi quşlar yayılıb. Sürünənlərdən isə bataqlıq tısbağası, xəzər gekkonunu müşahidə etmək olar.
Sumqayıtı turistlər üçün maraqlı edən bulvar, abidələr və daha nələr...
Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişməklə yanaşı, həm də şəhərin turizm imkanlarını artırıb. Artıq yüzlərlə şəhər sakinin və turistlərin hər gün ən çox üz tutduğu yer yeni bulvardır. Bura həm isti yay günlərində, həm də sərin havalarda istirahət etmək istəyənlərin sevimli məkanına çevrilib. Əsrarəngizliyi, təmiz hava şəraiti, yaşıllığı ilə seçilən bulvar sahil boyunca uzanıb gedir. Qısa vaxtda burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur.
Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Həmçinin bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də planlaşdırılır.
"Sülh göyərçini" abidəsi - Sumqayıt şəhərində qeyri-adi memarlıq abidəsi, şəhərin əsas rəmzi hesab olunur. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. Abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılıb və betondan tökülüb. Alçaq səthi postament üzərində yerləşdirilən göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşan vəziyyətdə icra olunub. Müəllifləri Sumqayıt şəhərinin rəssamı Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir. Abidə 2008-ci ildə rekonstruksiya edilib.
“Qağayı” abidəsi - 1964-cü ildə, Sumqayıtın 15 yaşının olması münasibətilə şəhərin girişində ucaldılıb. Üzərindəki qağayı isə şəhərin dənizlə yaxınlığını göstərir. Memarı Süleyman Hacıyev olan 13 metrlik bu abidə bir neçə dəfə restavrasiya olunub və hazırda 24 blokdan ibarətdir.
“Priçal” (Batmış gəmi) – Köhnə sumqayıtlıların ən yaxşı tanıdığı yerlərdən biridir. İnsanlar bura balıq yeməyə, yaxud balıq tutmağa gəlirlər. Hazırda həmin ərazidə gəmilərin saxlanılması üçün liman tikilir. Payız aylarında oradan Novxanıya gəzinti gəmilərinin hərəkəti nəzərdə tutulub.
Sumqayıt Tarix Muzeyi, Sumqayıt Dövlət Dram Teatrı, Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən Hacı Məcid və Hacı Əmrulla hamamları maddi mədəni irs nümunələri olaraq, şəhərin qədim tarixini simvolizə etməklə bərabər, turistlər üçün də maraqlı nümayiş obyektləri hesab olunur.
Qastroturizm Akademiyası turizmin inkişafına töhfə verəcək
Sumqayıt paytaxta yaxın məsafədə və dənizin sahilində yerləşdiyinə görə turizm inkişafı üçün əlverişli bir məkan hesab olunur. Mütəxəssislərin fikrincə, şəhərdə lazımi infrastrukturun yaradılması da vacib amillərdəndir. Ötən ilin sonlarında Sumqayıtda yaradılan “Turan” Qastroturizm Akademiyası da bu infrastrukturun tərkib hissəsi hesab olunur. Məlumdur ki, Azərbaycanda restoran və hotel sektorunda xidmətin keyfiyyətində ciddi problemlər var və bu da ölkəyə gələn turistlərdə narazılıq yaradır. Bu sahədə mövcud problemləri həll etmək maqsədilə turizmin müxtəlif istiqamətləri üzrə xidmət personalının hazırlanması üçün belə bir peşə təhsili kurslarına böyük ehtiyac var. Qastroturizm Akademiyasında 11 ixtisas üzrə mütəxəssislər hazırlanacaq. Bunun üçün Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi Başqanlığının (TİKA) dəstəyi ilə Türkiyənin Səlcuk, Çanaqqala 18 Mart universitetləri ilə əməkdaşlıq edilir. Bu universitetlərdən təlimçilər dəvət edilir, eyni zamanda gələcəkdə akademiyada kurs keçən iştirakçılar Türkiyədə təlimlərdə iştirak edəcək.
“Turan” Qastroturizm Akademiyasına tələbələr üç istiqamətdən cəlb olunur: Dövlət Məşğulluq Agentliyi və Dövlət Peşə Agentliyi ilə əməkdaşlıq çərçivəsində, turizm şirkətləri, hotel və restoranlardan gələn sifarişlər əsasında və nəhayət, sərbəst kanallar vasitəsilə müraciət edənlər. Akademiya məzunlarının işlə təmin olunmasını da təmin edir.
Qeyd edək ki, hər il 4000-dən çox kursantın təlim keçməsini hədəfləyən akademiya ofisiant, aşpaz, barista, xadimə, ön ofis menecerləri, turizm agentliyinin idarə edilməsi, proqram təminatı, ingilis dili və tur bələdçiliyi kimi sahələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını həyata keçirəcək.
Sumqayıt festivallar şəhəri ola bilər
Sumqayıt örnək bir şəhərdir. COP29-dan sonrakı məsələlər də onu göstərir ki, Sumqayıt tədbirlər və festivallar şəhəri ola bilər. Bu gün əsas olaraq həm ictimai iaşə sektorunda, həm turizm və qonaqpərvərlik sektorunda çox vacib addımlar atılmalıdır. Mehmanxana və ona bərabər tutulan obyektlərin sayı artırılmalıdır, tədbirlər üçün böyük bir istiqamətlər və məkanlar bəlli olmalıdır. İnamla söyləmək olar ki, cənab Prezidentin yürütdüyü siyasət, eyni zamanda icra strukturlarının həyata keçirdiyi layihələr qısa bir zamanda öz töhfəsini verib. Dövlətin infrastruktur layihələrində apardığı siyasət məhz kiçik və orta sahibkarlığın inkişafına bir töhfədir. Qeyd etmək istəyirəm ki, Sumqayıt Sənaye Parkının yaradılması, Sumqayıtla bağlı olan ənənələr, eyni zamanda nəqliyyat qovşaqlarının dəniz çıxışı, hava və dəmiryol xətlərinin olması təqribən 2030-cu ilə qədər Kannla bağlı iddia etməmizə şərait yarada bilər. Onu da qeyd edim ki, Sumqayıt bulvarının uzunluğu bu gün 4 kilometrdirsə, 2030-da bu uzunluq 14 kilometrə çata bilər.
Sumqayıt şəhərində bir neçə dəfə festival keçirilib və bu festivallara şəhər sakinlərinin marağını nəzərə alsaq, əmin ola bilərik ki, bundan sonra burada keçiriləcək festivalların nə qədər iştirakçısı ola bilər. Bunu şəhərin paytaxt Bakıya yaxın olması ilə yanaşı, həm də şimal rayonlarına nisbətən az məsafədə yerləşməsi də şərtləndirir.
Sumqayıt həm də vətənpərvər bir şəhərdir. Həm Birinci Qarabağ müharibəsi dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən şəhər sakinlərinin və verdiyi şəhidlərin sayına görə də digər regionlardan fərqlənir. Sumqayıt şəhərinin mərkəzində vətən uğrunda canından keçən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanı yerləşir. Bu xiyabanda hazırda yüzlərlə şəhidimiz uyuyur.
Ruslan Quliyev,
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri