Lənkəranda gənc qadınlar üçün sahibkarlıq təlimi başa çatıb


“Gənc qadınların məşğulluq imkanlarının və iqtisadi təşəbbüskarlığın təşviqi” layihəsi çərçivəsində Qubadan sonra növbəti mərhələdə Lənkəranda baş tutan təlim proqramı sona çatdı. Proqramın ikinci və son günündə təlimçi Famil Məmmədovun dəstəyi ilə iştirakçılar sahibkarlıq ideyalarının hazırlanması, hədəf auditoriyanın müəyyənləşdirilməsi, investisiya və gəlir məsələləri üzrə vörkşoplarda iştirak etdilər. Komanda işi formatında təqdim olunan ideyalar təlimçi və iştirakçılar tərəfindən dəyərləndirildi, ideyaların uğur əmsalı müzakirə olundu.



Növbəti mərhələdə, “Uğurlu Qadınlar – Uğurlu Gələcək: Gənc Qadınların Məşğulluq imkanları və Əmək Bazarında Rəqabətlilik” forumu keçirildi. Forum Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlunun açılış nitqi ilə başladı və “Gənc qadınların iqtisadi iştirakçılığının və məşğulluq imkanlarının artırılması yolları” mövzusunda panel müzakirəsi ilə davam etdi. Paneldə Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah, KOBİA-nın Lənkəran regional koordinatoru Rahib Cəbiyev və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış edərək regionda qadın məşğulluğu və sahibkarlığı ilə bağlı mövcud imkan və dəstək mexanizmləri barədə məlumat verdilər. Müzakirələr zamanı iştirakçılar spikerlərə suallar ünvanladılar və interaktiv fikir mübadiləsi aparıldı.



Forumun sonunda layihədə fəal iştirak edən iştirakçılar sertifikatla təltif olundular və tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.



Qeyd edək ki, layihənin keçirilməsində məqsəd gənc qadınların əmək bazarında iştirakçılığını artırmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların iqtisadi fəallığını təşviq etməkdir. Layihənin davamlılığını qorumaq məqsədilə həyata keçirilən məlumatlandırıcı onlayn kampaniya hələ də davam edir. Gənclərin Həmrəyliyi İctimai Birliyinin sosial şəbəkə hesablarında paylaşılan kampaniya çərçivəsində qadınların məşğulluğu, sahibkarlığı, bunun üçün onlara lazım olan bilik və bacarıqlar, mövcud dəstək mexanizmləri və onlardan faydalanma yolları, həmçinin, uğur hekayələrinin ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.



Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu