Tailandda ikimərtəbəli avtobus qəzaya uğrayıb: çoxlu sayda yaralı var
Tailandda ikimərtəbəli sərnişin avtobusunun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 28 nəfər xəsarət alıb.
AFN.az yerli "Matichon" qəzetinə istinadən xəbər verir ki, hadisə Suratthani – Banqkok marşrutu üzrə hərəkət edən avtobusun paytaxtdan təxminən 100 kilometr məsafədə yerləşən Phetçaburi əyalətində yoldakı ayırıcı zolağa çırpılaraq böyrü üstə aşması nəticəsində baş verib.
İlkin araşdırmalara görə, qəza zamanı salonda ümumilikdə 31 nəfər olub. Yaralılardan 23-ü müxtəlif dərəcəli sıyrıqlar və əzilmələr xəsarəti alıb, 5 nəfərin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları stasionar müalicəyə ehtiyacı olan sərnişinləri yaxınlıqdakı xəstəxanalara çatdırıblar.
Zərərçəkənlər arasında xarici turistlərin olub-olmaması barədə hələlik məlumat daxil olmayıb. Hazırda yerli hüquq-mühafizə orqanları qəzanın dəqiq səbəblərini araşdırır.

