Avropa Birliyinə tədricən üzvlük məsələsi müzakirə edilir
Avropa İttifaqı (Aİ) birinci mərhələdə tam səs və veto hüququ olmadan yeni üzvlərin Birliyə üzv olmasına icazə verməyi nəzərdən keçirir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Aİ mənbələrinə görə, Macarıstanın vetosunu aradan qaldırmaq və Ukraynanın üzvlük prosesini irəlilətmək üçün ittifaq daxilində müxtəlif variantlar müzakirə olunur.
Bunlar arasında ən çox diqqət çəkən variant birinci mərhələdə tam səs və veto hüququ olmadan yeni üzvlərin qoşulmasına icazə verilməsidir.
Təklif oktyabrın 23-də keçiriləcək Aİ sammitində liderlər tərəfindən müzakirə ediləcək. Lakin indiki mərhələdə təməlqoyucu qərarların qəbul ediləcəyi gözlənilmir.
Qərarların qəbulunda yekdillik əvəzinə ixtisaslı səs çoxluğu prinsipinə keçidlə bağlı islahat təklifləri artıq uzun müddətdir Aİ daxilində gündəmdədir.
Xarici siyasət və genişlənmə məsələlərində vahid üzv dövlətin veto hüququndan istifadəsinin yaratdığı çıxılmaz vəziyyət İttifaqın effektivliyinə mənfi təsir göstərdiyi üçün tənqid olunur.
Bəzi üzv dövlətlər veto hüququnun mərhələli şəkildə məhdudlaşdırılmasını və səs çoxluğuna əsaslanan qərarların genişləndirilməsini müdafiə edir. Lakin bu dəyişikliklər müqavilələrə yenidən baxılmasını tələb etdiyi üçün bütün üzv dövlətlərin razılığı olmadan həyata keçirilə bilmir və proses ləng gedir.


