Cənubi Koreya ilk nüvə sığınacağını idman zalının altında inşa edəcək
Seul rəhbərliyi ölkənin ilk mülki nüvə sığınacağının tikintisinə hazırlaşır. 2028-ci ildə tamamlanması planlaşdırılan obyekt mümkün hücum halında minə yaxın insana iki həftə ərzində sığınacaq və yaşayış şəraiti təmin edəcək.
The Korea Herald qəzetinin məlumatına görə, Seulda inşa ediləcək yeni yaşayış kompleksinin altında yerləşəcək sığınacaq eyni zamanda ictimai idman zalı kimi də fəaliyyət göstərəcək.
Kompleksin üçüncü zirzəmisində yerləşəcək 2 min 100 kvadratmetrlik nəhəng obyekt 1 020 nəfərin sığınmasına imkan verəcək. Layihə 16 hündürmərtəbəli bina və 1 200-dən çox mənzili əhatə edən iri yaşayış məhəlləsinin bir hissəsi olacaq.
Sığınacaqda xüsusi havalandırma, təmiz su anbarı və tullantı idarəetmə sistemi quraşdırılacaq. Bununla da nüvə, kimyəvi və ya bioloji hücum zamanı iki həftə ərzində həyatın davam etdirilməsi mümkün olacaq.
Təcili hallar istisna olmaqla, obyekt ictimaiyyət üçün fitnes mərkəzi kimi fəaliyyət göstərəcək.

