Macarıstan qismən Fransadan qaz alacaq
Macarıstanın MVM neft-qaz şirkəti Fransanın "Engie" korporasiyası ilə 2028–2038-ci illər ərzində dörd milyard kubmetr mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair müqavilə imzalayıb.
AFN.az-ın xəbərinə görə, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto məlumat verib.
Nazir bildirib ki, bu müqavilə Macarıstanın indiyədək bağladığı ən uzunmüddətli MTQ alqı-satqı razılaşmasıdır və onun nəticəsində ölkə qismən Fransız qazına keçəcək.
Brüsselin Rusiyadan enerji asılılığını azaltmaq üçün Budapeştə təzyiq göstərdiyi bir vaxtda, Macarıstanın Şərq əlaqələrinin inkişafı üzrə dövlət katibinin müavini Adam Ştifter də Türkmənistan qazının Avropaya, ilk növbədə isə Macarıstana ixrac olunacağına ümid etdiyini bildirib.
Bununla belə, baş nazir Viktor Orban ölkənin Rusiya qazı və neftindən imtina etməyəcəyini vurğulayıb.



