Macarıstan Brüsselin enerji planına qarşıdır - Orban

Macarıstan Avropa Komissiyasının Rusiya enerji mənbələrindən imtina planını dəstəkləməyəcək, lakin konsensusla deyil, səs çoxluğu ilə qəbul olunarsa, Avropa İttifaqında təsdiqlənməsinə mane ola bilməyəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Hökumət başçısı Brüsselin yaxın illərdə Rusiyadan qaz, neft və nüvə yanacağı tədarükünü dayandırmaq təklifi ilə bağlı deyib: "Onlar bunu ixtisaslı səs çoxluğu ilə qəbul edə bilərlər".
Orban qeyd edib ki, Avropa Komissiyasının bu təşəbbüsü Macarıstana qarşı yönəlib, çünki o, Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləmir və bu məsələdə icma üzvlərinin əksəriyyətinə müxalifdir.
Baş nazir hesab edir ki, Brüsselin planı enerji qiymətlərinin artmasına səbəb olacaq və macar ailələrinin büdcəsinə zərbə vuracaq. “Rusiya qazına qoyulan qadağaya görə enerji qiymətləri artırılarsa, Macarıstan hər il onlar üçün əvvəlkindən 800 milyard forint (2 milyard avro) çox ödəməli olacaq”, - deyə Orban bildirib. Onun sözlərinə görə, Macarıstanın Aİ-də həmfikirləri var ki, onlar da Avropa Komissiyasının təklifinə qarşı çıxırlar. Xüsusilə Slovakiyanın baş naziri Robert Fiko Brüssel planını Avropa üçün “iqtisadi intihar” adlandırıb. Orban yaxın aylarda bu məsələ ilə bağlı Aİ-də ciddi mübarizənin başlanacağını gözləyir.