Macarıstanda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək

Macarıstan hakimiyyəti Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Brüsseldə keçirilən sammitinin sonunda jurnalistlərə açıqlamasında bildirib.
"Hesab edirəm ki, biz Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə ciddi yanaşmalıyıq. İndi bu məsələ ilə bağlı məsuliyyətli qərar qəbul etmək mümkün deyil və mən bu qərarın xalqın başı üstündən qəbul olunmasını istəmirəm. Ona görə də mən belə qənaətə gəldim ki, biz Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı səsverməyə başlayacağıq. Biz bilməliyik ki, insanlar Ukraynaya gələcək dəstək naminə öz maraqlarını nə dərəcədə qurban verməyə hazırdırlar".
Orban əvvəllər dəfələrlə bəyan edib ki, Ukraynanın Aİ-yə dərhal daxil olması kənd təsərrüfatına və bütün Avropa iqtisadiyyatına düzəlməz ziyan vuracaq.
Eyni zamanda, Orban qeyd edib ki, o, Ukraynanın bütün zəruri tələbləri yerinə yetirdiyi və üzvlük üçün namizədlərin meyarlarına cavab verəcəyi təqdirdə gələcəkdə Aİ-yə qəbul oluna biləcəyini istisna etmir.