117 yaşlı qadının DNT-si uzunömürlülüyün sirlərini üzə çıxardı
Dünyanın ən yaşlı insanlarından biri olan Maria Branyasın DNT-si üzərində aparılan tədqiqat uzunömürlülüyün genetik sirlərinə işıq salıb. 2024-cü ildə 117 yaşında vəfat edən Branyas tədqiqatçılara qan, tüpürcək, sidik və nəcis nümunələri verərək qeyri-adi bioloji quruluşunun öyrənilməsinə töhfə verib.
Barselonadakı Cosep Karreras Leykoz Araşdırma İnstitutunun rəhbərliyi ilə aparılan tədqiqatda Branyasın genomunun yaşına görə qeyri-adi dərəcədə gənc xüsusiyyətlər göstərdiyi müəyyən edilib.
Nadir genetik variantlarının immun sistemi, ürək və beyin sağlamlığı ilə əlaqəli olduğu qeyd olunub. Bundan əlavə, aşağı iltihab səviyyələri, güclü ürək-damar quruluşu və balanslı bağırsaq mikrobiomu diqqət çəkib.
Branyasın yaxşı xolesterolunun çox yüksək, pis xolesterol və triqliserid səviyyələrinin isə çox aşağı olduğu bildirilib. Bu bioloji üstünlüklərlə yanaşı onun ömrü boyu sosial, zehni və fiziki baxımdan aktiv qalmasının, həmçinin Aralıq dənizi tipli qidalanmasının da təsirli ola biləcəyi vurğulanıb.
Telomerlərdə qeyri-adi müşahidə
Maraqlıdır ki, Branyasın telomerlərinin — xromosomların uclarını qoruyan strukturların olduqca qısa olduğu müşahidə edilib. Normalda qısa telomerlər yüksək ölüm riski ilə əlaqələndirilir, lakin alimlər bu vəziyyətin Branyasda xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almış ola biləcəyini irəli sürüblər.
Araşdırmanın müəllifləri Eloy Santos-Pujol və Aleix Noguera-Castells deyiblər ki, tədqiqatımız göstərir ki, irəli yaş həmişə pis sağlamlıqla müşayiət olunmaq məcburiyyətində deyil. Bununla belə, onlar yalnız bir nümunədən yola çıxıldığını xatırladaraq, nəticələrin daha geniş qruplarda təsdiqlənməsinin vacibliyini vurğulayıblar.
100 yaşdan yuxarı insanların sayı sürətlə artsa da, 110 yaşı ötən “super əsrliklər” son dərəcə nadirdir. Branyasın hadisəsi insan ömrünün bioloji sərhədlərini anlamaqda tədqiqatçılara nadir fürsət təqdim edib. Araşdırma Cell Reports Medicine jurnalında dərc olunub.
