Çinli tədqiqatçılar insan gözündən daha sürətli bionik sensor hazırlayıb

Çinli alimlər işıq dəyişikliklərinə insan gözündən daha sürətli uyğunlaşa bilən bir bionik sensor hazırlayıblar.
South China Morning Post (SCMP) qəzetinin xəbərinə görə, Fucou Universitetinin tədqiqatçıları insan retinasının işıq siqnallarını qəbul etmə və onlara uyğunlaşma qabiliyyətindən ilham alaraq oxşar uyğunlaşma davranışına malik bir sensor inkişaf etdiriblər.
İnsan görmə sistemi işıq intensivliyindəki kəskin dəyişikliklərə uyğunlaşa bilən və bu uyğunlaşmanı yaddaşda saxlayaraq növbəti bənzər şəraitdə daha sürətli reaksiya verə bilən mürəkkəb bir quruluşa sahibdir.
Ənənəvi rəqəmsal görmə sistemləri isə lazımsız məlumatların yaradılması və yüksək enerji sərfiyyatı kimi problemlər səbəbindən görüntü emalında ləngliklə üzləşirlər.
Tədqiqatın nəticəsi olaraq hazırlanan yeni bionik sensor insan gözünün 2 ilə 30 dəqiqə arasında uyğunlaşa bildiyi qaranlıq və işıq arasındakı kəskin dəyişikliklərə cəmi 40 saniyə ərzində uyğunlaşa bilir.
Bu sensorun işləmə prinsipi işığı effektiv şəkildə elektrik siqnallarına çevirə bilən və ani işıq dəyişikliklərinə uyğunlaşa bilən kvant nöqtələri və ya nanoölçülü yarımkeçirici kristalların istifadəsinə əsaslanır.
Tədqiqat qrupu bildirib ki, bu yeni sensor mövcud sistemlərdəki problemləri aradan qaldıraraq daha az enerji ilə daha sürətli hesablama aparmaq imkanı yaradır.
Tədqiqatın nəticələri Amerika Fizika İnstitutunun “Applied Physics Letters” jurnalında dərc olunub.