Bu yol bizim yolumuzdur - Gülər Mübariz yazır


Yol sadəcə asfalt deyil – Yol vətənə qayıdışın izidir.



Uzun illər boyu yol gözləyən torpaqların qəlbindən keçən izdir bu. Susqun dağlar, ot basmış yollar, torpağın altında qalan xatirələr – hamısı bir sükut içində Vətənin ayaq səslərini gözləyirdi. İndi isə o səslər gəlir. Yol çəkilir…



Amma bu, sadəcə bir texniki layihə, bir infrastruktur işi deyil. Bu, Azərbaycan üçün layihədən artıqdır – keçmişin izi ilə gələcəyə addımlamaq, vəfa borcu, torpaq yarasının yavaş-yavaş sağalmasıdır.



Bu yol, xalqın ürəyindən keçən bir arzu kimi torpağın canına hopur, özünə yer edir. Bu yol, təkcə iki nöqtəni birləşdirmir – bu yol keçmişlə gələcəyi birləşdirən hərəkət, evinə dönən xalqın ayaq izidir.



İşğaldan azad edilmiş torpaqlara çəkilən hər yol, oranın torpağına, havasına, daşına vurulan bir nəvaziş kimidir. Sığal çəkir sanki hər qarışına. İllərlə yaralı qalan bir coğrafiyanın şəfasıdır. Hər kilometr asfalt – şəhidlərin qanı ilə sulanmış torpağa göstərilən ehtiram, xalqın səbrinin, iradəsinin zəfəridir. Bu yol – ümidin yoludur, inamın izidir, gələcəyimizdir. Oraya dönən hər insanın içindəki qürurun, gözlərindəki yaşın, sinəsindəki xatirənin yoludur bu yol.



Yol – mədəniyyətdir. Yol – insanla təbiət arasında söhbətdən başlayır; təbiət izn verir, qoynunu açır, insan işə başlayır. Yeni çəkilən yollar yalnız maşınları deyil, həm də arzuları daşıyır. İllərlə gözü yolda qalanların gözünü başqa yollara yönəldir – Vətənə sarı…



Qarabağa sarı gedirik. Bu yollar məktəbə gedəcək bir uşağın, xəstəxanaya yetişəcək bir ana, məscidə qılınacaq bir namaz, evinə dönəcək bir atanın yoludur. Bu yol şəhidimin saldığı yoldur, izi əbədiləşdirilir.



Bu yol bir mədəniyyətin dirçəliş yoludur. Orada itirilmiş illərin əvəzi ödənir, dağıdılmış evlərin yerində yeniləri tikilir, sükuta qərq olmuş kəndlərdə yenidən uşaq qəhqəhəsi eşidilir.



Bu yol – bir millətin əyilməyən ruhunun şahididir. Hər tunel – keçmişin qaranlığından gələcəyin işığına çıxışdır. Hər körpü – qırılmış bağların təzədən qurulmasıdır. Hər döngə – tarixlə üzləşmək, hər düz yol – sabaha inamdır.



İndi yollar çəkilir… Amma təkcə yol yox, bir yaddaş bərpa olunur. İnsan, torpağa qayıdır. Küskün qalan çinar ağacları yenidən küləklə danışır, torpağın altındakı şəhidlər bu qayıdışı hiss edir. Artıq ruhları şaddır.



Yol gəlirsə, həyat gəlir. Mədəniyyət gəlir, dirçəliş gəlir.



Bəli, yol mədəniyyətdir. Və bu yeni yollar – sadəcə torpaqlara yox, ruhumuza çəkilən yollardır; bizi Qarabağa aparır. 30 ilin həsrətini sağaltmağa gedirik.



Bu yol Qarabağadır. Bu sözü eşitmək belə ürəkləri riqqətə gətirir, gözlərdə sevinc yaşı görünür, o yoldan şəhidimin anası keçir dilində rəhmət, könlündə dua.



Bu yol – Xankəndinə gedən, Şuşaya sarılan, Laçını qucaqlayan yoldur. Bu yol – Cıdır düzündə yenidən səslənəcək kamança səsidir. Bu yol – Vaqifin şeirinə, Bülbülün səsinə, Natəvanın göz yaşına çəkilən izdir.



Bu yol – yalnız torpağa yox, Vətənin yaddaşına çəkilən bir damardır. Qarabağın hər qarışında bir ah, bir dua, bir ümid yatır. İndi o dualar qəbul olur, ümidlər çiçək açır, ahlar isə qürur göz yaşına çevrilir.





Qarabağa çəkilən hər yol – ana laylası kimidir: “Qayıt, oğlum… qayıt, qızım…”



O torpaq illərlə gözlədi, səssizcə səslədi bizi.



İndi biz gedirik… yollarla, izlərimizlə, qəlbimizlə.



Qarabağ bizi bağışladı. Qarabağ bizi yenidən qucaqladı. Və biz… artıq dönürük.



Həm də Qarabağın ürəyinə çəkilən, Vətənin sevincindən doğulan bir həyat yolu ilə dönürük. Və bu yol – əbədi olaraq bizimdir.



Bu yolların çəkilməsi təkcə texniki iş deyil, milli ruhun dirçəldiyi anlar idi. Bu yollarda təkcə texnika yox, qəlbini, əzmini, alın tərini ortaya qoyan minlərlə insanın əməyi var. Dağları yaran, çətinliklərə sinə gərən, qarış-qarış Vətənə yol salan hər bir işçiyə – mühəndisinə, sürücüsünə, fəhləsinə – sonsuz minnətdarlığımızı bildiririk.



Və ən böyük təşəkkür – bu yola inanan, bu torpaqların azadlığını təmin edən, millətin iradəsini dövlət siyasətinə çevirən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevədir. Onun qətiyyəti, uzaqgörənliyi və xalqa olan sonsuz sevgisi sayəsində bu yollar yalnız asfaltla deyil, qürurla döşənir.



Qoy çəkilən hər yol, bizi daha çox birləşdirsin. Qoy bu yolların sonu həmişə evə, sülhə və dirçəlişə çıxsın.



Çünki bu Vətən bizimdir. Bu yol da…



Yolun mübarək, Vətən. Yolun mübarək, xalqım. Şəhidimin qanı, qazimin sağlığı ilə sınanan Vətənim, yoluna canımız da, qanımız da fəda…



Gülər Mübariz




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu