Şimali Makedoniyada meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib

Şimali Makedoniya hökuməti ölkə ərazisində artmaqda olan meşə yanğınları ilə əlaqədar olaraq 30 günlük fövqəladə vəziyyət elan edib.
Hökumət sözçüsü Marija Miteva paytaxt Skopyedə Baş nazirliyin binasında keçirdiyi mətbuat konfransında bildirib ki, bu gün keçirilən hökumət iclasında meşə yanğınları səbəbilə bütün ölkə üzrə 30 gün müddətinə fövqəladə vəziyyətin tətbiq olunması qərara alınıb.
Mitevanın sözlərinə görə, qəbul edilən qərarla bütün aidiyyəti qurumların koordinasiyalı və birgə fəaliyyət göstərməsi mümkün olacaq. O vurğulayıb ki, yanğınlarla mübarizə və əhalinin qorunması üçün insan resursları, texniki vasitələr və logistika da daxil olmaqla bütün imkanlar səfərbər ediləcək.
Miteva həmçinin qeyd edib ki, hökumət yanğınlardan zərər çəkən bölgələrə təcili və vaxtında yardım göstərəcək, vətəndaşlara isə maksimum diqqətli olmaları və bütün xəbərdarlıqlara və qadağalara riayət etmələri üçün çağırış edib.
Şimali Makedoniya hökuməti daha əvvəl 1 iyul – 31 avqust tarixləri arasında meşələrə girişin qadağan edildiyini, bu qaydanı pozanlara isə 1500–2000 avro məbləğində cərimə tətbiq olunacağını açıqlamışdı.
Xatırladaq ki, Şimali Makedoniya ilə Kosovo arasında yerləşən ən böyük sərhəd keçid məntəqəsi olan Blace-Elez Han, dünən sərhədin Şimali Makedoniya tərəfindəki meşəlik ərazidə baş verən yanğın səbəbilə müvəqqəti olaraq bağlanmış, təhlükə aradan qalxdıqdan sonra isə yenidən nəqliyyata açılmışdır.