Yanğın səbəbilə Marsel hava limanı bağlandı

Fransanın cənubunda yerləşən Pennes-Mirabeau şəhərində baş verən yanğın səbəbilə Marsel Provence Hava Limanı müvəqqəti olaraq bağlanıb.
Fransa mediasında yer alan məlumatlara görə, Marsel şəhərindən təxminən 20 kilometr məsafədə yerləşən Pennes-Mirabeau ərazisində günorta saatlarında hələlik naməlum səbəbdən yanğın baş verib.
Yanğına müdaxilə məqsədilə hadisə yerinə 168 yanğınsöndürən və təxminən 70 yanğınsöndürmə texnikası cəlb olunub.
Hadisə nəticəsində təxminən 30 hektarlıq yaşıllıq sahə külə dönüb və təhlükəsizlik səbəbilə Marsel Provence Hava Limanı müvəqqəti bağlanıb.
Yerli qubernatorluq bölgə sakinlərindən məcbur olmadıqca evlərini tərk etməmələrini istəyib.
Həmçinin Pennes-Mirabeau ilə Marsel arasında yerləşən A55 avtomobil yolu da qismən nəqliyyata bağlanıb.