Tramp Ukrayna məsələsində diplomatiyanın perspektivlərinə inamını itirib - Şahin Cəfərli


Xəbər verildiyi kimi, bu gün ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin haqqında sərt açıqlamalar verib.

"Putin bizə çoxlu cəfəngiyat danışır. Söylədikləri qulağa xoş gəlir, amma heç bir mənası yoxdur. Mən ondan məmnun deyiləm. O, pis adamdır və çoxlu adam öldürür, ən çox da öz əsgərləri ölür. Mən sanksiyaları ciddi olaraq nəzərdən keçirirəm, Senatın layihəsini öyrənirəm. Ukraynaya müdafiə silahlarının göndərilməsinə sərəncam verdim. Müharibə yəqin ki, 3-4 gün davam edərdi, lakin biz Ukraynaya ən yaxşı silahlar göndərdik və onlar mərdliklə döyüşdülər..." - deyə ABŞ lideri bildirib.

Politoloq Şahin Cəfərli Trampın açıqlamasını şərh edərək bildirib ki, ABŞ prezidentinin Putin və Rusiya ilə bağlı sərt ritorikaya keçməsi onun Ukrayna məsələsində diplomatiyanın perspektivlərinə inamını itirdiyini göstərir: "Bu, həm də o deməkdir ki, Rusiya hazırkı mövqeyini davam etdirərsə, iki ölkə münasibətlərində Trampın 2-ci dönəmində də ciddi tərəqqi baş verməyəcək. Halbuki Trampın bu yöndə niyyəti, iradəsi var idi və o, Bayden dövründəki Rusiya siyasətini davam etdirmək fikrində deyildi. MAGA ictimaiyyəti də müharibənin qısa müddətdə ya dayandırılmasını, ya da ABŞ-ın bu məsələdən yaxasını tamamilə kənara çəkməsini gözləyir və tələb edirdi. Putinin atəşkəs və sülhlə bağlı təklifləri dərhal rədd etməsinə rəğmən Trampın sülhyaratma cəhdlərini son günlərə qədər davam etdirməsinin səbəbi bəlkə də o idi ki, Rusiyaya qarşı təzyiq siyasətinə dönüş baş verəndə MAGA radikalları prezidenti sülhün imkanlarından tam istifadə etməməkdə qınaya bilməsin".

Ş.Cəfərlinin sözlərinə görə, ABŞ prezidentləri xarici siyasət mövzuları üzrə nə qədər fərqli yanaşmalara malik olsalar belə, hər iki partiyanın üzərində konsensusa vardığı milli maraqlar var ki, dövlət başçısının həmin maraqları ayaqlayaraq siyasət yeridəcəyini düşünmək doğru olmaz: "ABŞ-da Ukraynanı təslim etməyin və Avropanı aqressiv rus imperializmi qarşısında tək buraxmağın, 5-ci maddə üzrə öhdəliklərdən imtinanın tərəfdarları var, amma bu, dövlətin marağında deyil".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu