Yer kürəsinin nüvəsindən qızıl sızır


Almaniyanın Göttingen Universitetindən olan alimlər Yer kürəsinin nüvəsində böyük miqdarda qızıl və digər qiymətli metalların mövcud olduğunu və bu maddələrin mantiyaya oradan isə səthə çatdığını aşkar ediblər.

Tədqiqat nəticələri göstərib ki, Havay adalarında toplanmış vulkanik süxurlar üzərində aparılan izotop analizləri zamanı nüvədən gələn kimyəvi izlərə rast gəlinib. Xüsusilə rutenyum-100 izotopunun miqdarı bu metalların mənbəyinin Yer kürəsinin nüvəsi olduğunu sübut edib.

Tədqiqatçılardan Nils Meslinq “İlkin analiz nəticələri gələndə, sözün əsl mənasında qızıla rast gəldiyimizi anladıq” – deyərək bu kəşfin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Yer kürəsinin erkən dövrlərində nüvəyə keçmiş qızıl, platin, palladium və rodium kimi qiymətli metallar indi tədricən yenidən səthə doğru qayıdır.

Alimlərin hesablamalarına əsasən, əgər nüvədə olan bütün qızıl çıxarıla bilsəydi, Yer səthindəki quru sahələr təxminən 50 santimetr qalınlığında qızıl təbəqəsi ilə örtülə bilərdi. Lakin bu ehtiyatlara texniki baxımdan çatmaq hələlik mümkünsüzdür.

Araşdırma zamanı alimlər çox kiçik izotop fərqlərini aşkar etməyə imkan verən yeni analiz texnologiyası tətbiq ediblər. Bu üsulla səthdəki rutenyum ilə nüvədən gələn rutenyum arasındakı fərq ilk dəfə aydın şəkildə ölçülə bilib.

Tədqiqatın digər müəlliflərindən professor Matyas Vilbold bildirib ki, Yer kürəsinin nüvəsi əvvəllər düşünülən qədər təcrid olunmuş bir quruluş deyil. Onun sözlərinə görə, mantiya ilə nüvə arasındakı sərhəddən yüksələn nəhəng qaya kütlələri bəzi okean adalarının yaranmasına səbəb olur.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu