Çin qarışdı: Prezidentin istefası tələb edilir


Çin şəhərlərində hökumətin koronavirus infeksiyası ilə mübarizə siyasətinə kütləvi etirazlar müşahidə olunur.


AFN.az xəbər verir ki, aksiyalar zamanı hakim Çin Kommunist Partiyasının əleyhinə şüarlar səsləndirilib. Etiraz aksiyaları Çinin paytaxtı Pekinə, Şanxay və Quançjou şəhərlərinə çatıb.
Qeyd edək ki, küçə nümayişləri Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən yanğında 10 nəfərin ölməsindən sonra başlayıb. Onlar özünütəcrid rejiminə görə yanan mənzildən çıxa bilməyiblər.
Dörd milyondan çox əhalisi olan Urumçi üç aydan çoxdur ki, təcrid vəziyyətindədir. Sərt məhdudiyyətlərlə bağlı insanlar 100 gündür evlərini tərk edə bilmir. Noyabrın 24-də çoxmərtəbəli binaların birində yanğın baş verib. Sakinlər özünütəcrid rejiminə görə qapı çöldən bağlı olduğundan küçəyə çıxa bilməyib. Şəhər rəsmiləri bunu təkzib edib.
Şanxay və Pekin sakinləri iki gün dalbadal etiraz aksiyası keçirib. İnsanlar koronavirus infeksiyasının ilk dəfə tapıldığı Vuhanda da etiraza qalxıb. Əvvəlcə karantin rejiminin aradan qaldırılmasını tələb edən etirazçılar tədricən Çin Kommunist Partiyasını tənqid etməyə və lideri Si Tsinpinin istefasını tələb etməyə başlayıblar. Nümayişçilərin əksəriyyəti demokratik islahatlar tələb edib. Bəziləri senzuraya müqavimət əlaməti olaraq əllərində ağ mələfə tutub. Yürüş iştirakçıları Çin himnini ifa ediblər.
Qərb mediası yazır ki, Çində belə müqavimət nadir hallarda olur. Çin hakimiyyəti hələlik rəsmi açıqlama verməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu