ABŞ-ın şərqində şiddətli istilər hökm sürür

ABŞ-ın şərqini bürüyən güclü isti hava dalğasının 160 milyon insanın həyatına mənfi təsir göstərəcəyi gözlənilir.
ABŞ-ın Milli Hava Xidməti (NWS) bildirir ki, ölkənin şərq bölgələri dünəndən etibarən yandırıcı istinin təsiri altına düşüb.
Nyu-York şəhərində termometrlər 37,7 dərəcəni göstərib.
Kennedi Beynəlxalq Hava Limanı ərazisində temperatur günorta saatlarında 38 dərəcəyə çatıb.
Nyu-Yorkun metropol bölgəsində havanın temperaturunun 40 dərəcəyə qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edilib.
Nyu-York şəhərinin meri Erik Adams mətbuata verdiyi açıqlamada bildirib ki, hər il yandırıcı istilər şəhərdə 500 nəfərin həyatına son qoyur.
Həftə ərzində yüksək temperaturun Vaşinqton, Baltimor və Filadelfiya bölgələrində zirvəyə çatacağı və ümumilikdə 160 milyon nəfəri təsir edəcəyi gözlənilir.
Digər tərəfdən, ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) açıqlamasına əsasən, Atlantik okeanında yerləşən Azor adalarının 1940 kilometr qərbində “Andrea” adlı tropik fırtına formalaşıb.
Atlantik qasırğa mövsümünün ilk tropik fırtınası kimi qeydə alınan “Andrea”nın qısa müddətli olacağı proqnozlaşdırılır.