Tusk kriptovalyuta qalmaqalına görə toxunulmazlığından imtina etdi
Polşanın Baş naziri Donald Tusk keçmiş ədliyyə naziri Zbiqnev Zyobro ilə əlaqəli olan "Polska Suwerenna" fondunun qaldırdığı böhtan iddiası ilə bağlı könüllü olaraq deputat toxunulmazlığından imtina edib.
AFN.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" nəşrinə hökumətin mətbuat katibi Adam Şlapka məlumat verib. Onun sözlərinə görə, hökumət başçısı məhkəmə çəkişməsinə və qarşıdurmaya tam hazırdır.
Məhkəmə iddiasına D.Tuskun müflis olmuş "Zondacrypto" kriptovalyuta birjasının sözügedən fondla mümkün əlaqələri barədə bəyanatı səbəb olub. Baş nazir iddia edib ki, fonda yönəldilən vəsaitlərin bir hissəsi cinayət işləri üzrə bəzi fiqurantların hüquqi müdafiəsinin maliyyələşdirilməsinə xərclənə bilərdi.
Fond rəhbərliyi isə bu ittihamları "yalan və böhtan" adlandıraraq sözügedən platformadan heç bir vəsait almadıqlarını bildirir, Baş naziri müxalifəti şərləməkdə ittiham edir.
Qeyd edək ki, "Zondacrypto" ətrafındakı qalmaqal Polşanın ən böyük maliyyə fırıldaqçılığı işlərindən biridir. İstintaq məlumatlarına görə, on minlərlə investor yüz milyonlarla zlotı itirib. Prokurorluq hazırda çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqla əlaqələr üzrə araşdırma aparır.
