Yaponiya Sakit okeanda müşahidə üçün radarlı PUA-lar yerləşdirəcək
Yaponiya hökuməti Sakit okean hövzəsində monitorinqi gücləndirmək məqsədilə Özünümüdafiə Qüvvələrinin arsenalına erkən aşkarlama və xəbərdarlıq radarları ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının (PUA) daxil edilməsi imkanlarını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, sözügedən radarların Yaponiyanın 2027-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasına qəbul etməyi planlaşdırdığı ABŞ istehsalı "MQ-9B Sea Guardian" PUA-larına quraşdırılması nəzərdə tutulur. Havada uzun müddət qala bilən bu dronların fəaliyyət radiusu təxminən 4900 kilometr təşkil edir. PUA-ların İvodzima və Minamitori adalarında yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, Oqasavara arxipelaqına daxil olan İvodzima və Titidzima adalarında mobil radiolokasiya radar komplekslərinin də quraşdırılması gözlənilir.
Qəzet vurğulayır ki, Sakit okeanda müşahidə imkanlarının genişləndirilməsi zərurəti Çin Xalq Respublikasının regionda artan hərbi aktivliyi ilə bağlıdır. Bu addım Yaponiyanın milli təhlükəsizlik sahəsinə dair yenilənmiş sənədlərində də öz əksini tapacaq; rəsmi Tokionun həmin sənədlərə yenidən baxılması prosesini ilin sonunadək yekunlaşdıracağı bildirilir.


