BMT baş katibliyinə namizəd: İnkişaf etməkdə olan ölkələr sistemdə yetərincə təmsil olunmur
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri və təşkilatın baş katibi postuna namizədliyi irəli sürülən Mariya Fernanda Espinoza inkişaf etməkdə olan ölkələrin qlobal qərarvermə prosesindəki rolu barədə mühüm açıqlamalar verib.
AFN.az xəbər verir ki, TASS agentliyinə müsahibəsində o bildirib ki, dünya siyasətində və iqtisadiyyatında artan rollarına baxmayaraq, bu ölkələr BMT sistemində hələ də kifayət qədər təmsil olunmurlar.
Espinoza vurğulayıb ki, artıq iri dövlətlərin hökmranlıq etdiyi dövr geridə qalıb və BRİKS kimi yeni güc mərkəzləri çoxtərəfli sistemin möhkəmlənməsində həlledici rol oynayır. Lakin buna baxmayaraq, "Qlobal Cənub"un səsi lazımi səviyyədə eşidilmir. Onun sözlərinə görə, bu, xeyriyyəçilik deyil, beynəlxalq maliyyə arxitekturasının islahatı məsələsidir. Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri olan Espinoza inkişaf etməkdə olan ölkələrin ucuz və güzəştli resurslara çıxışının təmin edilməli olduğunu qeyd edib.
Hazırda BMT baş katibi postu uğrunda Espinoza ilə yanaşı daha dörd güclü namizəd mübarizə aparır: Çilinin eks-prezidenti Mişel Baçelet, UNCTAD-ın baş katibi Rebekka Qrinspan, MAQATE-nin rəhbəri Rafael Qrossi və Seneqalın keçmiş prezidenti Maki Sal.
Yeni baş katib seçkiləri 2026-cı ilin iyul ayında keçiriləcək. Hazırkı rəhbər Antoniu Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.


