Qrossi BMT baş katibi postuna namizədliyini təsdiqlədi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi 2026-cı ilin sonunda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibliyi seçkilərində namizədliyini irəli sürdüyünü bildirib.
Qrossi Nyu-Yorkdakı BMT-nin Baş Qərargahında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ona BMT-nin baş katibi Antonio Quterreşin 2026-cı ilin sonunda başa çatacaq səlahiyyət müddətindən sonra baş katib postuna namizəd olub-olmayacağı barədə verilən suala Qrossi “Bəli, baş katib vəzifəsi üçün namizəd olacağam. Bu, gizli məsələ deyil və gizli qalmalı da deyil” deyə cavab verib.
Qrossi əlavə edib ki, bu namizədlik onun hazırkı MAQATE rəhbəri kimi fəaliyyətinə təsir etməyəcək.
Qeyd edək ki, hazırda iki müddət ardıcıl olaraq BMT-nin baş katibi vəzifəsini icra edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır.

