Zelenski Rusiya "kölgə donanması"na məxsus iki tankeri vurduqlarını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Novorossiysk limanının girişində Rusiyanın "kölgə donanması"na məxsus iki neft tankerinə hücum təşkil etdiklərini bildirib.
AFN.az xəbər verir ki, Zelenski sosial media hesabı vasitəsilə hücum anının görüntülərini paylaşaraq Rusiya "kölgə donanması"na qarşı əməliyyatları davam etdirdiklərini ifadə edib.
Ukrayna ordusunun sözügedən donanmaya aid iki neft tankerinə Novorossiysk limanı girişində zərbələr endirdiyini qeyd edən Zelenski, neft daşınmasında aktiv istifadə olunan bu tankerlərin artıq yararsız hala gəldiyini vurğulayıb.
Zelenski uzaq mənzilli hücumların sayını artıracaqlarına toxunaraq, Ukraynanın uzaq mənzilli imkanlarının dənizdə, havada və quruda hərtərəfli şəkildə inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Bu əməliyyatın Rusiyanın enerji ixracı logistikasına ciddi zərbə vurduğu bildirilir.
