Livanda İsrailin zərbələri nəticəsində son sutkada 6 nəfər həlak olub
Aprelin 17-dən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyi hücumların coğrafiyası və itkilər barədə rəsmi məlumat yayıb. Bildirilib ki, Vadi əl-Xoceyr və Tulin rayonlarına edilən aviabombardmanlar zamanı 4 nəfər həyatını itirib. Oxşar hücumlar Sarifa və Yater kəndlərində də qeydə alınıb və burada daha 2 dinc sakin dünyasını dəyişib.
Məlumata görə, hücumlar əsasən yaşayış binalarını və mülki infrastrukturu hədəf alıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Rəsmi statistikaya əsasən, bu ilin 2 mart tarixindən başlayan hərbi eskalasiya dövründə vəziyyət kifayət qədər ağırdır. Ümumi hesabata görə, bu müddət ərzində bütün Livan üzrə ölənlərin ümumi sayı 2 491-ə, yaralıların sayı isə 7 719-a çatıb.
Beynəlxalq müşahidəçilər aprelin ortalarında əldə edilmiş atəşkəs razılaşmasının kövrək olduğunu və bölgədə humanitar vəziyyətin kəskinləşdiyini vurğulayırlar.
