Qətər: SEPAH-la əlaqəli iki qruplaşmanı zərərsizləşdirdik
Qətər ölkə ərazisində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adından fəaliyyət göstərən iki gizli qruplaşmanın ifşa edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi QNA-da yer alan məlumata görə, Dövlət Təhlükəsizlik Qüvvələri tərəfindən həyata keçirilən ciddi izləmə əməliyyatları nəticəsində 10 şübhəli şəxs saxlanılıb. Saxlanılanlardan 7-sinin ölkədəki mühüm strateji və hərbi obyektlər haqqında məlumat toplamaq üçün casusluq fəaliyyətinə cəlb edildiyi, digər 3 nəfərin isə təxribat xarakterli əməllər törətmək məqsədilə pilotsuz uçuş aparatlarından (PUA) istifadə təlimləri keçdiyi bildirilib.
Əməliyyat zamanı həssas dövlət obyektlərinin yerləri və koordinatları, həmçinin xüsusi rabitə cihazları və texnoloji avadanlıqlar ələ keçirilib. İstintaq zamanı şübhəlilər İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqələrini, eləcə də casusluq və sabotaj tapşırıqlarını yerinə yetirdiklərini etiraf ediblər.
Dövlət Təhlükəsizlik Qüvvələri vətəndaşları ayıq-sayıq olmağa və şübhəli fəaliyyətlər barədə dərhal aidiyyəti orqanlara məlumat verməyə çağırıb.

