Pakistanda ABŞ konsulluğuna hücum cəhdi: 9 ölü, 32 yaralı
Pakistanın Karaçi şəhərində ABŞ və İsrailin İrana təşkil etdiyi hücumlara etiraz edən bir qrup nümayişçi ABŞ-ın Karaçi konsulluğuna daxil olmağa çalışıb.
AFN.az xəbər verir ki, "Geo News" telekanalının yaydığı məlumata görə, hücumlara reaksiya verən kütlə konsulluq binasının qarşısına toplaşaraq etirazlarını bildirib.
Etirazçıların binaya daş ataraq içəri girmək cəhdindən sonra polis hadisəyə müdaxilə edib. Hüquq-mühafizə orqanları izdihamı dağıtmaq və nəzarəti bərpa etmək üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. "Dawn" qəzetinə danışan rəsmilər nümayişçilərlə polis arasında baş verən qarşıdurmada ilkin məlumatlara görə 9 nəfərin həyatını itirdiyini və cənazələrin xəstəxanaya aparıldığını açıqlayıblar.
Toqquşmalar zamanı yaralanan 32 nəfərin, o cümlədən 2 polis əməkdaşının müalicə olunmaq üçün ətrafdakı xəstəxanalara yerləşdirildiyi bildirilib. Səlahiyyətli şəxslər təhlükəsizliyi təmin etmək məqsədilə ərazidə mühafizə tədbirlərini gücləndirib, aksiyalar səbəbindən ətraf küçələrdə nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb.


