Oxumaq və yazmaq demensiya riskini təxminən 40 faiz azaldır


Elmi araşdırmalar göstərir ki, oxumaq, yazmaq və yeni dillər öyrənmək kimi zehni fəaliyyətlər demensiya (əqli zəiflik) riskini 38 faiz azalda bilər. Tədqiqatın nəticələrinə görə, dünya miqyasında milyonlarla insan bu üsullarla xəstəliyin qarşısını ala və ya onu gecikdirə bilər.

Demensiya qlobal miqyasda ən böyük sağlamlıq təhdidlərindən biri hesab olunur. Dünya üzrə bu xəstəliklə yaşayan insanların sayının 2050-ci ilə qədər üç dəfə artaraq 150 milyonu keçəcəyi gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu artım gələcəkdə səhiyyə və sosial qayğı sistemləri üzərində ciddi təzyiq yaradacaq.

Zehni fəaliyyətlər koqnitiv sağlamlığı qoruyur

Çikaqodakı Raş Universiteti Tibb Mərkəzinin tədqiqatçısı Andrea Zammit bildirir ki, yaşlılıq dövründəki koqnitiv sağlamlıq həyat boyu qarşılaşılan intellektual stimullardan güclü şəkildə təsirlənir. Araşdırma çərçivəsində başlanğıcda demensiya diaqnozu olmayan və orta yaşı 80 olan 1939 nəfər təxminən səkkiz il ərzində izlənilib.

İştirakçıların həyatının üç müxtəlif mərhələsindəki koqnitiv vərdişləri təhlil edilib:

18 yaşa qədər: Kitab oxuma sıxlığı, evdə qəzet və atlas kimi qaynaqlara çıxış, xarici dil təhsili.
Orta yaş: Kitabxana kartına sahib olmaq, muzey ziyarətləri və müxtəlif nəşrlərə abunəlik.
Yaşlılıq dövrü: Oxumaq, yazmaq və oyun oynamaq kimi fəaliyyətlərin tezliyi.

Xəstəliyin başlanğıcında 5 ildən çox gecikmə

Neurology jurnalında dərc olunan nəticələr göstərir ki, zehni cəhətdən ən aktiv olan 10 faizlik qrupun ən az aktiv olan qrupla müqayisədə Alzheymer riski 38 faiz, yüngül koqnitiv pozuntu riski isə 36 faiz daha aşağıdır.

Həyat boyu zehni aktivliyi ən yüksək olan şəxslərdə Alzheymer xəstəliyi orta hesabla 94 yaşında görüldüyü halda, ən aşağı qrupda bu yaş 88 olaraq qeyd edilib. Bu fərq xəstəliyin başlanğıcında 5 ildən artıq gecikmə deməkdir.

Yüngül koqnitiv pozuntularda isə bu gecikmə müddəti 7 ilə qədər yüksəlir. Həyat boyu öyrənmənin demans riskini birbaşa dayandırdığına dair qəti sübut olmasa da, tədqiqatçılar zehni fəaliyyətlər ilə koqnitiv sağlamlıq arasında çox güclü bir bağ olduğunu vurgulayırlar.

Mütəxəssislər qeyd edirlər ki, demans qocalmanın qaçılmaz bir hissəsi deyil, kitabxanalar və təhsil proqramları kimi intellektual mühitlərə çıxış imkanı xəstəliyin yayılma tezliyini əhəmiyyətli dərəcədə azalda bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu