Kofein istehlakı Alzheimer simptomlarını azalda bilər
Səhər qəhvəsi, səhər yeməyində içdiyiniz çay və ya görüşlər arasında bir fincan qəhvə qədər orta miqdarda kofein qəbul etmək, demensiyaya keçmə riskini azaldır. Yeni bir araşdırma kofein istehlakı ilə Alzheimer xəstəliyini göstərən onurğa mayesinin markerləri arasında əlaqəni təsdiqləyir.
Fransada bir qrup 2010-2015-ci illər arasında yüngül koqnitiv pozğunluq və ya Alzheimer diaqnozu qoyulmuş xəstələr haqqında məlumatları araşdırıb.
Bu araşdırmaya qatılan 70 yaşdan yuxarı 263 nəfərin kliniki qiymətləndirmələri aparılıb, qəhvə, şokolad, çay və qazlı içkilər kimi kofein tərkibli qidaların istehlak miqdarı araşdırılıb. Könüllülər həmçinin MRT müayinəsindən keçib, qan və onurğa beyni mayesi (CSF) nümunələri təqdim ediblər.
Gündə orta hesabla 200 milliqramdan bir qədər çox kofein qəbul edənlər az kofein qrupuna, daha çox kofein qəbul edənlər isə yüksək kofein qrupuna daxil edilib. Məlumatlar göstərib ki, daha az kofein istehlakı yaddaş problemləri ilə bağlı yüngül koqnitiv geriləmə riskini artırır. Aşağı kofeinli qrupda olanlarda Alzheimer və ya yüngül idrak pozğunluğu diaqnozu qoyulma riski təxminən 2,5 dəfə olub.
CSF-də zülal analizləri, aşağı kofein istehlakçılarında müəyyən növ beta-amiloid zülallarında əhəmiyyətli fərqlər tapıb. Aşağı kofein istehlak edənlərin beyində Alzheimer simptomları ilə əlaqəli beta-amiloid zülallarının daha çox yığılması müşahidə edilib.
Bu araşdırma kofein istehlakının Alzheimer simptomlarına təsirini tam başa düşmək üçün kifayət deyil, lakin kofeinin ümumi sağlamlığa müsbət təsirini dəstəkləyən artan tədqiqatlarla birlikdə nəzərdən keçirildikdə, səhər qəhvəniz və ya günorta şokoladlı qəlyanaltınızın bədəninizin uzun illər sağlam qalmasında rol oynaya biləcəyi düşünülür.
Bu araşdırma "Alzheimer's & Dementia" jurnalında dərc olunub.
Mənbə: Science Alert