ÜST direktoru hantavirusa görə İspaniyadadır



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Argentinadan yola düşərək Kanar adalarına doğru hərəkət edən və bəzi sərnişinlərində hantavirus aşkar edilən Niderland bayrağı altında üzən "MV Hondius" gəmisinin təhlükəsiz təxliyəsinə nəzarət etmək üçün İspaniyaya getdiyini bildirib.

AFN.az xəbər verir ki, Qebreyesus şəxsi sosial media hesabında etdiyi paylaşımda İspaniyaya çatdığını və burada gəmidəki sərnişinlərin, heyətin və tibb mütəxəssislərinin təhlükəsiz şəkildə sahilə çıxarılmasını idarə edəcək yüksək rütbəli hökumət rəsmilərinə qoşulmaq üçün Tenerifeyə yollanacağını qeyd edib.

Gəminin kapitanı Yan Dobroqovski və göyərtədə olan ÜST-ün nümayəndəsi doktor Freddi Banza-Mutoka ilə birbaşa təmasda olduğunu vurğulayan baş direktor hazırkı mərhələdə gəmidə hantavirus əlamətləri göstərən başqa bir şəxsin olmadığını bildirib.

O, ÜST-ün vəziyyəti aktiv şəkildə izlədiyini, dəstək və növbəti addımları koordinasiya etməyə davam etdiyini, üzv ölkələrin və ictimaiyyətin mütəmadi məlumatlandırılacağını əlavə edib.

Qebreyesus həmçinin indiyə qədər Kanar adaları əhalisi və qlobal miqyasda hantavirus riskinin aşağı olduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, Argentinadan Afrikanın qərbindəki Kabo-Verdeyə gedən "MV Hondius" gəmisində virusun aşkar edilməsi mövzusu dünya gündəminə çevrilib.

Gəmi sərnişinlərin təxliyəsini həyata keçirmək üçün mayın 7-də Kanar adalarına doğru yola çıxıb və gəminin sabah adalara çatacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu