"Brent" neftinin bareli 105,55 dollardan satılır
Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı neftin bir barelinin satış qiyməti 105,55 dollara çatıb.
AFN.az xəbər verir ki, ötən həftənin cümə günü 102,92 dollara qədər bahalaşan neft günü 101,29 dollarla tamamlamışdı, lakin bu gün saat 09:26 radələrində qiymətlər əvvəlki bağlanışa nisbətən 4,2 faiz artaraq 105,55 dollara yüksəlib.
Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin bareli isə 100,06 dollardan alıcı tapıb. Qiymətlərin artmasına Yaxın Şərqdə davam edən münaqişələrin qlobal enerji təchizatı üçün yaratdığı risklər birbaşa təsir göstərir. Xüsusilə Hörmüz boğazı ətrafındakı gərginlik bazarlarda tədarük kəsintilərinin uzun çəkə biləcəyi ilə bağlı narahatlıqları artırır.
İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın CBS telekanalına verdiyi müsahibədə İranın hələ də ölkədən çıxarılmalı olan zənginləşdirilmiş urana sahib olduğunu və görüləcək işlərin hələ bitmədiyini deyərək müharibənin davam edəcəyinə işarə vurub. Müharibədə böyük uğurlar qazandıqlarını iddia edən Netanyahu İranın hərbi potensialının hələ də təhlükə yaratdığını qeyd edib. Bu bəyanatlar regionda hərbi gərginliyin yaxın vaxtlarda səngiməyəcəyi gözləntilərini gücləndirib.
ABŞ Prezidenti Donald Tramp isə öz sosial media hesabında paylaşım edərək İranın sülh təklifinə verdiyi cavabı kəskin tənqid edib. Tramp İranın nümayəndələrindən gələn cavabı oxuduğunu, bunun qətiyyən xoşuna gəlmədiyini və tamamilə qəbuledilməz olduğunu bildirib.
Baş verən bu hadisələr bazarlarda atəşkəs ehtimalının zəiflədiyi və enerji daşımalarında fasilə riskinin qaldığı barədə rəyi möhkəmləndirir. Mütəxəssislər yüksək neft ehtiyatlarının, strateji rezervlərin satışının və zəif tələbatın son vaxtlar qiymət artımını müəyyən qədər cilovladığını, lakin İranla ABŞ arasında konkret razılığın əldə olunmamasının qiymətlərin yenidən yüksəlməsi riskini diri saxladığını vurğulayırlar.
Texniki baxımdan "Brent" nefti üçün 106,69 dollar müqavimət, 103,85 dollar isə dəstək səviyyəsi kimi izlənilir.

