Gəncədə abadlıq işlərini görən fiziki şəxs "Aqrar Tikinti"dən pulunu ala bilmir - ŞİKAYƏT
“Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də yoxdur”.
Bu şikayətlə Gəncə şəhər sakini Rəsul Həsənov müraciət edib. Şikayətçi bildirib ki, “Aqrar-Tikinti” şirkətinin tərkibində fəaliyyət göstərən “R Servis” şirkəti ilə Gəncədəki abadlıq işlərinə cəlb edilib:
“VÖEN əsasında yaratdığım 25 nəfərlik briqada ilə Gəncədə tamet döşənməsi işlərini görmüşük. 2016-cı ilin avqustunda müqavilə bağladıq. Layihə çərçivəsində bir kvadratmetri 10 manat olmaqla 7000 kvadratmetr (70 min manat) tamet alaraq Gəncəyə gətirdim. Daşınma üçün 16 min manat xərc çəkdim. Ancaq nə materialın, nə də daşınmanın pulu ödənildi”.
"Evimi satıb işçilərin pulunu verdim"
R.Həsənovun sözlərinə görə, fəhlələrin əməkhaqqı da daxil olmaqla ümumi zərər 115 min 345 manat təşkil edir: “İşlədiyimiz vaxtın bütün fakturaları və sübutları mövcuddur. Evimi satıb işçilərin pulunu verdim, indi özüm kirayələrdə bir qəpiksiz qalmışam. İllərdir müraciət etmədiyim qurum qalmayıb”.
Qarşı tərəfin mövqeyi
İddialarla bağlı “Aqrar-Tikinti” şirkətinin Gəncə filialının keçmiş müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. O, şikayətçini tanımadığını bildirdi:
“Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq”.
Qafqazinfo



