Geri dönüşü olmayan nöqtə: "İstixana dünyası" təhlükəsi



Geri dönüşü olmayan nöqtə: Alimlər "İstixana dünyası" riskinə qarşı xəbərdarlıq edir

Alimlər qlobal istiləşmənin dayandırıla bilməyəcəyi geri dönüşü olmayan nöqtəyə təxmin ediləndən daha yaxın olduğumuzu bildirirlər. Davam edən qlobal istiləşmənin iqlimin kritik dəyişmə nöqtələrini tətikləyərək bir sıra zəncirvari əks-əlaqə döngələrinə yol aça biləcəyi ifadə edilir.

Bu vəziyyətin dünyanı mövcud gedişat olan 2-3 dərəcəlik artımdan çox daha pis — "istixana dünyası" (hothouse Earth) adlandırılan cəhənnəmə bənzər bir iqlimə məhkum edəcəyi proqnozlaşdırılır. Sözügedən iqlim şəraiti bütün bəşər sivilizasiyasının inkişaf etdiyi son 11 min illik mülayim dövrdən tamamilə fərqli bir mənzərə ortaya qoyacaq.

Son illərdə yaşanan 1,3 dərəcəlik istiləşmə belə dünya miqyasında can itkilərinə və dolanışıq mənbələrinin yox olmasına səbəb olan ekstremal hava hadisələrini bərabərində gətirir. Alimlər vurğulayırlar ki, 3-4 dərəcəlik artım iqtisadiyyatın və cəmiyyətin fəaliyyətini iflic edəcək, "istixana dünyası" ssenarisi isə daha dağıdıcı olacaq.

İctimaiyyət və siyasətçilər riskin fərqində deyil

Tədqiqatçılar qeyd edirlər ki, ictimaiyyət və siyasi xadimlər geri dönüşü olmayan nöqtəni keçmə riskindən böyük ölçüdə xəbərsizdirlər. Fosil yanacaq istifadəsini sürətlə dayandırmağın çətinliyi qəbul edilsə də, "istixana dünyası" yoluna girildikdən sonra emissiyalar azaldılsa belə, istiqaməti geri çevirməyin qeyri-mümkün olacağı bildirilir.

ABŞ-lı alim Dr. Kristofer Volf vurğulayır ki, müəyyən hədlərin aşılması planeti bu dönməz yola sala bilər. Hazırda qlobal temperaturlar son 125 min ilin ən yüksək səviyyəsinə çatıb və iqlim dəyişikliyi proqnozlaşdırılandan daha sürətlə irəliləyir. Karbon dioksid səviyyələrinin də son 2 milyon ilin ən pik nöqtəsində olduğu təxmin edilir. İngiltərənin Ekseter Universitetindən professor Tim Lenton bildirir ki, mövcud gedişat dünyanı yaşamaq üçün daha az yararlı hala gətirmə riski daşıyır.

Kritik sistemlər qeyri-sabitləşir

One Earth jurnalında dərc olunan dəyərləndirmə iqlimin əks-əlaqə döngələri və 16 kritik dəyişmə elementi haqqında ən son tapıntıları bir araya gətirir.

Bu elementlər sırasına aşağıdakılar daxildir:

Qrenlandiya və Antarktida buz təbəqələri
Dağ buzlaqları və qütb dəniz buzları
Arktikaaltı meşələr və permafrost təbəqəsi
Amazon yağış meşələri
AMOC (Atlantik Meridiional Çevrilmə Dövriyyəsi) okean axınları sistemi

Alimlər Qrenlandiya və Qərbi Antarktidada dəyişmə prosesinin artıq başlamış ola biləcəyini, permafrost, dağ buzlaqları və Amazon meşələrinin isə təhlükəli həddə olduğunu ifadə edirlər. Mövcud iqlim öhdəliklərinin yetərsiz olduğu vurğulanarkən, AMOC axınındakı zəifləmənin Amazon meşələrinin yox olma riskini artıracağı qeyd olunur.

"İstixana dünyası" ssenarisində qlobal temperaturlar min illər boyu ən pis proqnozların belə üzərində qalacaq və dəniz səviyyəsinin kəskin yüksəlməsi sahil şəhərlərini su altında qoyacaq. Bu prosesin insan cəmiyyətləri üzərindəki təsirlərinin ani, dağıdıcı və geri dönülməz olacağı proqnozlaşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu