Qlobal istiləşmə vulkan püskürmələrinə səbəb ola bilər


Alimlər bildirirlər ki, buzlaqların və buz təbəqələrinin əriməsi yeraltı maqma otaqları üzərindəki təzyiqi azaldır və bu vəziyyət vulkanik püskürmələrin sayını artıra bilər. Ən böyük risklərdən biri 100-dən çox vulkanın yerləşdiyi Qərbi Antarktidada müşahidə olunur.



Qlobal istiləşmənin təsiri ilə buzlaqların əriməsi vulkanik püskürmələrin həm sayında, həm də gücündə artım yarada bilər. Çilidə aparılan bir araşdırma buzlaq dövrünün sona çatdığı vaxtlarda Cənubi Amerika qitəsində vulkan püskürmələrinin artdığını ortaya qoyub. Bu hal gələcəkdə Antarktidada da oxşar ssenarinin baş verə biləcəyinə işarə edir.



Buzlaqların əriməsi təzyiqi azaldır



Buz təbəqəsinin əriməsi yerin dərinliyindəki maqma otaqları üzərindəki təzyiqi azaldır. Bu da qazların genişlənməsinə və daha güclü vulkanik püskürmələrə səbəb ola bilər.



Araşdırmaya görə, təxminən 26 min ilə 18 min il əvvəl Pataqoniya bölgəsindəki qalın buz örtüyü Mocho-Choshuenco vulkanının püskürmələrinin qarşısını alırdı. Lakin buzlaqlar əridikcə yeraltı təzyiq aradan qalxdı və yığılmış maqma sürətlə səthə çıxaraq güclü püskürmələrə səbəb oldu.



Antarktida üçün xəbərdarlıq



ABŞ-ın Viskonsin-Madison Universitetindən tədqiqatçı Pablo Moreno-Yaeger bildirib ki, buzlaqlar geri çəkildikcə, vulkanlar daha tez-tez və daha şiddətli püskürür.



Alimlərin fikrincə Qərbi Antarktidada ən azı 100 vulkan mövcuddur və bölgədəki buz təbəqəsi əhəmiyyətli dərəcədə əriyə bilər. Bu isə regionu potensial püskürmələr qarşısında müdafiəsiz vəziyyətə gətirir.



İqlim dövriyyəsi riski



Vulkanik püskürmələr qısa müddətdə atmosferə yayılan hissəciklər vasitəsilə yer kürəsini sərinləşdirə bilər. Lakin uzunmüddətli püskürmələr atmosferə karbon qazı və metan kimi istixana qazları buraxaraq temperaturun daha da artmasına səbəb ola bilər. Bu isə buzlaqların daha da əriməsinə və yeni püskürmələrin baş verməsinə yol aça bilər. Alimlər bu dövrənin iqlim böhranını daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edirlər.



Yeni araşdırmalara ehtiyac var



Alimlər qeyd edirlər ki, iqlim böhranının vulkanik fəaliyyətlərə təsiri hələ yetərincə öyrənilməyib. Mümkün fəlakətlərin qarşısını almaq üçün bu sahədə daha çox elmi araşdırmaya ehtiyac var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu