ABŞ hökumətinin bağlanması 14 milyard dollarlıq zərərə səbəb ola bilər
ABŞ Konqresinin Büdcə Ofisi (CBO) xəbər verir ki, federal hökumətin fəaliyyətinin dayanmasının müddətindən asılı olaraq, bu prosesin ölkə iqtisadiyyatına dəyəcək zərərin 14 milyard dollara qədər yüksələ biləcəyi təxmin olunur.
CBO ölkədə büdcə mübahisəsi səbəbilə davam edən hökumət bağlanmasının iqtisadiyyata təsirlərinə dair təhlil yayımlayıb.
Təhlildə hökumətin bağlılığının 4, 6 və 8 həftə davam etdiyini fərz edən üç fərqli ssenari araşdırılıb. Bildirilib ki, bu vəziyyət federal xərcləmələrin gecikməsinə və iqtisadiyyata mənfi təsir göstərməsinə səbəb olacaq.
Hesabatda qeyd olunur ki, hökumətin bağlanması nəticəsində Ümumi Daxili Məhsulun (ÜDM) bu ilin dördüncü rübündə daha aşağı olacağı proqnozlaşdırılır.
Fəaliyyətin dayandığı müddətdən asılı olaraq, iqtisadi artımın həmin rübdə 1–2 faiz bəndi azalacağı qeyd edilir. Bildirilir ki, real ÜDM-dəki azalmanın böyük hissəsi sonradan bərpa olunsa da, 7–14 milyard dollar aralığında olan bir hissənin kompensasiya edilməyəcəyi ehtimal olunur.
Təhlildə vurğulanır ki, hökumətin bağlanması iqtisadiyyata əsasən müvəqqəti olsa da, mənfi təsir göstərəcək və bu təsirlər bağlanma müddəti uzandıqca daha da dərinləşəcək.
CBO-nun hesablamalarına görə, 2026-cı ilin sonuna qədər federal işçilərin məzuniyyətdə olduqları dövrlər nəzərə alınarsa, 4 həftəlik bağlanma ssenarisində iqtisadi itki 7 milyard dollar, 6 həftəlik ssenaridə 11 milyard dollar, 8 həftəlik ssenaridə isə 14 milyard dollar olacaq.

