Almaniyada quş qripi səbəbindən 400 minədək quş məhv edilib
Almaniyada artan quş qripi hallarına görə indiyədək 400 min qanadlı heyvanın məhv edildiyi bildirilib.
Friedrich Loeffler İnstitutu (FLI) açıqlamasında quş qripi hallarının 2021-ci ildəki ən ciddi il ilə oxşar səviyyədə olduğunu bildirib.
Almaniyada 30 fermada 400 min toyuq, ördək, qaz və hind quşunun məhv edilərək zərərsizləşdirilməsi prosesinin necə davam edəcəyini proqnozlaşdırmaq mümkün olmadığı vurğulanıb.
İndiyədək ən böyük itkilər Mecklenburg-Qərbi Pommeraniya və Brandenburg əyalətlərində qeydə alınıb.
Brandenburgdakı Markisch-Oderland bölgəsi quş qripi səbəbindən əlavə 130 min heyvanın məhv ediləcəyini açıqlayıb. Daha əvvəl eyni bölgədə 150 min qanadlı heyvan məhv edilmişdi.
Xüsusilə Brandenburgun şimal-qərbində yerləşən Linumer Teichland bölgəsində kütləvi durna ölümləri qeydə alındığı bildirilib.
Almaniyada 2020-2021-ci illərin qışında quş qripi səbəbindən 2 milyondan çox quş məhv edilməli olub.


