KİV: Brüssel küçələrində hər dörd gündən bir atışma baş verir
Polis bu ilin ilk yeddi ayı ərzində Brüsseldə 57 atışma qeydə alıb ki, bu da orta hesabla hər dörd gündə bir belə halın baş verməsi deməkdir.
AFN.az “Politico”ya istinadən xəbər verir ki, bu, şəhər üçün küçə cinayətlərində misli görünməmiş artım deməkdir.
Qəzet qeyd edir ki, oktyabrın 11-də North Light biznes məhəlləsində baş verən atışma hadisəsi böyük səs-küyə səbəb olub. Polisə cavab atəşi açan silahlı şəxs Avropa Təhsil və Mədəniyyət Agentliyinin binasının fasadını güllə ilə zədələyib. Atışma Brüsseldə ən imtiyazlı işçilər sinfi hesab edilən bir neçə yüz avropalı məmurun yaşadığı binanın qarşısında baş verib.
Polis rəsmi məktubla Avropa qurumlarını sakitləşdirməyə çalışıb. Məktubda qeyd edilir ki, insident binaya və ya işçi heyətinə təhlükə yaratmadan dərhal başa çatıb. Həmçinin qeyd edilir ki, güllə fasadın şüşəsini deşməyib, ona görə də binada olan avropalı məmurların heç biri üçün təhlükə olmayıb. Nəşr silahlının tutulub-tutulmadığı haqda məlumat verməyib.
“Avroquarter”ə uyğun gəlməyən bəzi Aİ agentliklərinin qərargahının yerləşdiyi North Light biznes rayonu qərbdə Brüsselin ən cinayətkar ərazilərindən biri olan Gare du Nord ilə bitişikdir.
Silah və narkotik ticarəti və onlarla müxtəlif şəhər dəstələri arasında münaqişələrlə əlaqəli küçə zorakılığının artması şəhər və federal hakimiyyət orqanlarını yayın ortalarından şəhərdə hərbi patrulların tətbiqini fəal müzakirə etməyə vadar edib. Bu müzakirə indiyə qədər heç bir nəticə verməyib. Mübahisəli məsələlər arasında Belçika hərbçilərinin paytaxtı patrul edərkən hansı silahları daşımalı olduğu və döyüş qaydalarının necə formalaşdırılacağı da var.
Brüsseldə hərbi patrulun əsas tərəfdarlarından biri də Belçikanın müdafiə naziri Teo Frankendir.




