Dünyanın qoruyucu qalxanı zəifləyir: Təhlükə zonası genişlənir
Alimlər xəbərdarlıq edirlər ki, Cənubi Atlantika üzərində Yer kürəsinin maqnit sahəsi sürətlə zəifləyir və bu proses getdikcə daha ciddi təhlükə yaradır.
Yer kürəsinin səthindən təxminən 3 min kilometr dərinlikdə yerləşən nüvəsində maqnit sahəsini formalaşdıran proses baş verir. Bu görünməz qalxan Günəşdən gələn yüklü hissəcikləri və kosmik radiasiyanı dəf edərək Yerdəki həyatı qoruyur. Lakin mütəxəssislərin fikrincə bu sahə xüsusilə Cənubi Atlantika üzərində sürətlə gücünü itirir.
Avropa Kosmik Agentliyinin (ESA) "Swarm" peyklərindən əldə edilən məlumatları təhlil edən geomaqnetizm üzrə professor Kris Finley bildirib ki, vəziyyət narahatedicidir: “Afrika istiqamətindəki hissə Cənubi Amerika üzərindəki zonadan fərqli dəyişikliklər göstərir. Bu bölgədə sahənin daha intensiv zəifləməsinə səbəb olan xüsusi bir proses baş verir”.
“Cənubi Atlantika Anomaliyası” adlanan bu ərazi, peyklərin keçidi zamanı yüksək radiasiya səviyyələrinə səbəb olur. GPS, rabitə və hava proqnozu üçün istifadə olunan peyklər bu sahədən keçərkən elektron sistemlərdə nasazlıqlar, məlumat pozuntuları və ya daimi zədələnmə riski ilə üzləşirlər.
NASA-nın məlumatına görə, bu anomaliya Yer nüvəsindəki ərimiş dəmir və nikelin nizamsız hərəkətləri nəticəsində maqnit sahəsində yaranan dalğalanmalardan qaynaqlanır. Bu dinamik struktur planetin maqnit oxunun meyilliliyi ilə birləşərək SAA-nın formalaşmasına səbəb olur.
Afrika altındakı zəif maqnit sahələri qərbə doğru hərəkət etdikcə, Atlantikanın ortasındakı oxşar bölgələr şərqə yönəlir. Bu hərəkətlilik anomaliyanı sabit vəziyyətdən çıxararaq genişlənən bir formaya çevirir.
Finley bildirib ki, Cənubi Atlantika Anomaliyası Yer nüvəsindən gələn bir xəbərdarlıqdır: “Planetimizin qoruyucu qalxanı dinamik quruluşa malikdir. Dərinliklərdə baş verən dəyişikliklər kosmosa qədər uzanaraq gündəlik həyatımıza təsir göstərə bilər”.
Avropa Kosmik Agentliyinin 2013-cü ildən bəri fəaliyyət göstərən "Swarm" peykləri Yer nüvəsindən ionosferə qədər olan təbəqələrdəki maqnit siqnallarını izləyərək bu proseslərin daha dərindən öyrənilməsinə imkan yaradır.
Alimlər qeyd edirlər ki, Yer səthində insanlar üçün birbaşa təhlükə yoxdur. Lakin kosmosdakı astronavtlar, yüksək hündürlükdə uçan təyyarələr və orbitdəki peyklər üçün risk ildən-ilə artır.
Zəifləyən bu maqnit qalxanı Yer kürəsinin maqnit tarazlığının pozulmağa başladığını və gələcəkdə bu dəyişimin texnoloji sistemlər üçün ciddi nəticələr doğura biləcəyini göstərir.
