ABŞ Ukrayna üçün ideal qırıcı təyyarəni açıqlayıb
İsveç istehsalı olan SAAB JAS 39 Gripen Ukrayna üçün ən münasib döyüş təyyarəsi ola bilər.
AFN.az xəbər verir ki, bu, Amerikanın "The National Interest" nəşrinin müəllifi Piter Suciu yazdığı məqalədə əks olunub.
Müəllif qeyd edir ki, Gripen həm hava döyüşlərində, həm də “hava–yer” tipli əməliyyatlarda effektivdir. Üstəlik, bu təyyarə məhdud imkanlı şəraitdə – ucqar yollarda və müvəqqəti uçuş zolaqlarında da istifadə oluna bilir.
Suciunun fikrincə, təyyarənin gücləndirilmiş şassisi gövdəni yüksəkdə saxlayır və bununla da mühərrikə xarici tullantıların düşməsinin qarşısını alır.
Müəllif həmçinin Gripenin digər üstünlüklərinə az texniki xidmət tələb etməsini, müxtəlif silahlarla – “hava–hava” və “hava–yer” raketləri ilə təchizat imkanını, eləcə də müasir avionika və radar sistemlərini daxil edib.
İsveçin hazırda 100-dən az Gripen qırıcısı var və onların nə qədərini Ukraynaya verə biləcəyi sual altındadır.

