Etirazçılar Argentina prezidentinin kortejini daşa tutdular
Argentina prezidenti Xavyer Mileyin korteji etirazçılar tərəfindən daş və butulka yağışına tutulub.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, prezident Lomas de Zamora şəhərində sakinləri salamlayaraq üstü açıq avtomobillə hərəkət edərkən onun tərəfdarları, polis və etirazçılar arasında qarşıdurma yaranıb. Maşına müxtəlif əşyalar atılandan sonra dövlət başçısının mühafizələri onu təcili uzaqlaşdırmağa qərar verib.
Prezidentin sözçüsü Manuel Adorni X-də bildirib ki, xəsarət yoxdur. O, iğtişaşlarda keçmiş prezident Kristina Fernandez de Kirşnerin tərəfdarlarını günahlandırıb.
Dövlət başçısının yanında əlillərə yardım üzrə milli agentliyin keçmiş rəhbəri Dieqo Spaqnuolonun korrupsiya sxemində iştirakı barədə danışdığı audioyazıya görə qalmaqalın mərkəzində özünü tapan bacısı Karina Miley olub.
Kortecin keçidi Buenos-Ayres əyalətinin qanunvericilik məclisinə sentyabrın 7-də keçiriləcək seçkilərə təsadüf edib.

