Netanyahu: Tehrana qarşı qələbə Qəzzada girovların azadlığına yol açır

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Tehrana qarşı müharibədə əldə olunan qələbə Qəzza zolağında saxlanılan girovların azad olunması və HƏMAS hərəkatının məğlubiyyəti üçün “geniş imkanlar” yaradır.
AFN.az xəbər verir ki, o, bu fikirləri Baş Mühafizə Xidmətinin obyektinə baş çəkərkən səsləndirib.
“Biz mövcudluğumuza birbaşa təhlükə yaradan, sağ qalmağımız üçün iki ölümcül təhdidi – Tehranın nüvə proqramını və İranın ballistik raketlərinin istehsalını – aradan qaldırdıq. Bu qələbə geniş imkanlar açdı, ilk növbədə, girovların azad olunması üçün”, – deyə Netanyahu bildirib. Bu açıqlama baş nazirin ofisi tərəfindən yayılıb.
Netanyahu əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini tam şəkildə həll etməli və HƏMAS-ı məğlub etməlidir. “İnanıram ki, biz hər iki məqsədə çatacağıq”, – deyə o vurğulayıb.
Baş nazir, həmçinin İsrailin regiondakı əlavə ölkələrlə münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunaraq, yeni regional imkanların yarandığını qeyd edib.