Netanyahu HƏMAS-ı məğlub etmədən girovların azad edilməsinə razılıq verməyəcək
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, o, HƏMAS-ın Qəzza zolağına nəzarətini dayandırmasına qədər bütün girovların azad edilməsini nəzərdə tutan variantla razılaşmayacaq.
“Biz hər iki məqsədə nail olmalıyıq: bütün girovların azad edilməsini təmin etmək və müharibədə qalib gəlmək. Və inanıram ki, bu, mümkündür” - deyə o, Amerikanın “Time” jurnalına müsahibəsində deyib.
Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, eləcə də oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu günə qədər davam edir.