Zelenski: Rusiya əsir mübadiləsi üçün siyahını hələ təqdim etməyib

Ukrayna prezidenti Vladimir Zelenski İstanbul danışıqlarında əldə olunan razılaşmaya əsasən Rusiyadan dəyişdiriləcək məhbusların siyahısını hələ almadıqlarını açıqlayıb.
AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski ənənəvi videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
O, çıxışında İstanbulda Rusiya ilə aparılan danışıqlarda əldə olunan razılığa əsasən əsir mübadiləsi və əsgər cəsədlərinin dəyişdirilməsi ilə bağlı aparılan araşdırmalara toxunub, bu barədə müdafiə naziri Rustem Umerov və digər rəsmi şəxslərdən məlumat aldığını bildirib.
Əsirlərin dəyişdirilməsi və əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə bağlı əllərindən gələni etməyə davam etdiklərini qeyd edən Zelenski, təəssüflə vurğulayıb ki, İstanbulda razılaşdırılan mindən çox əsir üçün Rusiya hələ də tam siyahı verməyib.
"Biz mübadilə prosesini davam etdirə biləcəyimizə inanırıq. Biz də öz tərəfimizdən bunun üçün hər şeyi edirik. Əgər ruslar hətta bu cür humanitar məsələlərdə belə razılaşmalara əməl etməsələr, bu, danışıqlar və diplomatiya sahəsində bütün beynəlxalq səyləri, xüsusən də ABŞ-ın səylərini xeyli şübhə altına salacaq" - deyə Zelenski bildirib.