Budanov: Rusiya ilə əsir mübadiləsi gələn həftə başlaya bilər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirilo Budanov Rusiya ilə İstanbul danışıqlarında əldə olunan razılaşma çərçivəsində əsirlərin dəyişdirilməsi və əsgər cəsədlərinin qaytarılması prosesinin gələn həftə başlaya biləcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Budanov Telegram hesabından verdiyi yazılı açıqlamada, İstanbul danışıqlarında Rusiya ilə əsirlərin dəyişdirilməsi və əsgər cəsədlərinin qaytarılması ilə bağlı əldə olunan razılaşmanın gedişatını qiymətləndirib.
"Proses davam edir. İstanbulda əldə olunan razılaşmalara diqqətlə əməl edirik. Kimin dəyişəcəyi, nə vaxt və necə kiminsə təkbaşına verdiyi qərar olmamalıdır. Diqqətli hazırlıq gedir. Burada təzyiq və manipulyasiya qəbuledilməzdir. İstanbulda aparılan danışıqların nəticələrinə görə gələn həftə repatriasiya fəaliyyətlərinə başlanması planlaşdırılır. Düşmənin çirkin informasiya oyununa baxmayaraq, hər şey plan üzrə gedir" - deyə o bildirib.