ABŞ Rusiya ilə münaqişəyə dair Ukraynadan şərtlər alıb - Keyt Kelloq

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Amerika administrasiyası Rusiya ilə münaqişənin həlli məqsədilə Ukraynadan şərtlər siyahısını alıb.
AFN.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.
Kelloqun sözlərinə görə, Vaşinqton hazırda Moskvadan da oxşar sənəd gözləyir. Hər iki ölkənin təqdim etdiyi sənədlərin müqayisəsi və təhlilindən sonra danışıqların növbəti raundu baş tutacaq.
“Məqsəd odur ki, tərəflərin mövqeləri daha dəqiq müəyyən edilsin və ortaq razılıq üçün real əsaslar formalaşsın. Danışıqların növbəti mərhələsi Cenevrədə keçirilə bilər”, – deyə ABŞ rəsmisi qeyd edib.
Qeyd edək ki, ABŞ son aylarda Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair diplomatik təşəbbüslərini gücləndirib və tərəflər arasında vasitəçi rolunu aktiv şəkildə icra edir.