Tramp Putinlə söhbətini müsbət dəyərləndirib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə çərşənbə axşamı telefon danışığının "gözəl keçdiyini" deyib.
"Düşünürəm ki, bizim əla söhbətimiz oldu, demək olar ki, iki saat davam etdi. Biz çox şeylər haqqında danışdıq və biz sülh axtarırdıq", - deyə bildirib. "Rusiyanın üstünlüyü var. Bildiyiniz kimi, onlar 2500-ə yaxın ukraynalı əsgəri mühasirəyə alıb" - deyə Tramp əlavə edib.
Qeyd edək ki, hər iki ölkə lideri arasında telefon danışığı dünən axşam saatlarında baş tutub. Putin və Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bəzi beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya prezidenti həmsöhbətinin Ukrayna münaqişəsi tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtinası ilə bağlı təklifi ilə razılaşıb. Tərəflər həmçinin Qara dənizdə atəşkəs və daimi sülhün tətbiqi ilə bağlı texniki danışıqlara başlamaq barədə razılığa gəliblər.