Aİ ölkələrinin səth sularının 40%-dən az hissəsi ekoloji standartlara cavab verir


Avropanın ətraf mühit üzrə komissarı Jessika Rosvall üzv ölkələrin səth sularının 40 faizindən azının yaxşı vəziyyətdə olduğu barədə xəbərdarlıq edib və təcili tədbirlər görülməsinə çağırıb.



Ətraf mühit, suya davamlılıq, rəqabətli, dairəvi iqtisadiyyat portfelindən məsul olan AB komissarı Rosvall mətbuat konfransında üzv dövlətlərdə su vəziyyəti ilə bağlı hazırladığı hesabatı təqdim edib.

Üzv dövlətlərdə yerüstü suların 40 faizindən azının ekoloji standartlara cavab verdiyinə diqqət çəkən Rosvall "Sularımız çirklənir, su təchizatımız təhlükə altındadır və daşqınların qarşısını almaq üçün kifayət qədər iş görmürük" deyib.

Suya çıxışın qlobal bir problem olduğunu qeyd edən Rosvall "Çox uzun müddətdir ki, suya sonsuz bir qaynaq kimi baxırdıq. Bu düşüncə tərzini dəyişdirməliyik" deyə vurğulayıb.

Rosvall su ehtiyatları ilə əlaqədar səhralaşma və quraqlıq riskinə diqqət çəkərək, İspaniyanın səth sahəsinin 74 faizinin səhralaşma riski altında olduğunu bildirib.

Rosvall bu problemlərin aradan qaldırılması üçün su səmərəliliyinin artırılması və çirkab suların istifadəsini sürətləndirmək üçün üzv dövlətlər arasında dialoqu gücləndirməyi təklif edərək, yeni AB Suya Dayanıqlılıq Strategiyası üzərində çalışdıqlarını açıqlayıb.

Vəziyyətin daha da pisləşəcəyini bilə-bilə hərəkətsizliyin qiymətinin çox yüksək olduğunu qeyd edən Rosvall, sektorlar arasında təcili və əlaqələndirilmiş səylərə ehtiyac olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu